Bakıda may ayında keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində tədbirin texniki hazırlıq işləri çərçivəsində WUF13 radiospektrin idarə edilməsi portalı istifadəyə verilib.
Milli.Az xəbər verir ki, yeni yaradılmış portal tədbir zamanı simsiz cihazların təhlükəsiz, fasiləsiz və koordinasiyalı şəkildə istifadəsini təmin etmək məqsədi daşıyır. Bu portal vasitəsilə akkreditə olunmuş iştirakçılar istifadə etməyi planlaşdırdıqları simsiz cihazları əvvəlcədən qeydiyyatdan keçirə və həmin cihazlar üçün müvafiq radiospektrin ayrılması ilə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər.
WUF13 çərçivəsində simsiz cihazlardan istifadə etmək istəyən bütün iştirakçılar ilk növbədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmi qeydiyyat sistemi olan GEMS portalı vasitəsilə akkreditasiyadan keçməlidirlər. Akkreditasiya təsdiqləndikdən sonra iştirakçılar radiospektrin idarə edilməsi portalında şəxsi istifadəçi hesabı yaradaraq hər bir cihaz üzrə tələb olunan texniki məlumatları təqdim etməli və radiospektrin müvəqqəti ayrılması üçün müraciət göndərməlidirlər.
Müraciətlərə baxıldıqdan sonra təsdiq edilmiş cihazlar üzrə iştirakçılara elektron poçt vasitəsilə müvafiq radiotezliklər barədə məlumat təqdim olunur və həmin cihazlara aid QR-kod portal üzərindən aktivləşdirilir.
Tədbir məkanında bütün təsdiqlənmiş cihazlar texniki yoxlama və etiketlənmə prosedurundan keçməlidir. Yalnız bu mərhələdən uğurla keçmiş və müvafiq qaydada etiketlənmiş simsiz cihazların istifadə olunmasına icazə veriləcək.
Simsiz cihazların qeydiyyatı və radiospektr üzrə müraciətlərin təqdim edilməsi üçün son tarix 30 aprel 2026-cı ildir.
WUF13 radiospektrin idarə edilməsi portalı ilə bağlı əlavə suallar və texniki dəstək üçün iştirakçılar [email protected] imeyl ünvanı vasitəsilə müraciət edə bilərlər.
Aysel
Milli.Az