Təmir şirkətlərinin “kvadrat metr” OYUNU – Ziyana düşə bilərsiniz

3 Mart 2026 13:40

Təmir şirkətləri "kvadrat metr" üzərindən sabit qiymət təklif etsə də, müqavilədə detallı şərtlər göstərilmir.

Milli.Az-ın məlumatına görə, bununla bağlı vətəndaş şikayətləri artmaqdadır.

Belə ki, bəzi şirkətlər təmir işlərini məsələn, 1 kvadrat metr üçün 400 manat kimi sabit məbləğlə qiymətləndirir. Lakin müqavilədə işin konkret detalları, yəni istifadə olunacaq materialların markası, qalınlığı, keyfiyyət standartı, texniki göstəriciləri dəqiq qeyd edilmir. Nəticədə müştəri keyfiyyətli material ifadəsini eşitsə də, bunun hansı marka və standartlara uyğun olduğu göstərilmir.

Müqavilədə adətən elektrik nöqtələrinin sayı, santexnika çıxışları və bəzi texniki işlər ümumi şəkildə qeyd olunur. Amma divarların gücləndirilməsi, suvağın neçə qat vurulacağı, izolyasiya növü kimi mühüm detallar konkret yazılmadıqda sonradan əlavə ödəniş tələbi yaranır.

Həmçinin şirkətlər tez-tez "standart paket" anlayışından istifadə edir. Ancaq standart sözünün hüquqi baxımdan konkret çəkisi yoxdur. Məsələn, sanitar qovşağın izolyasiyası və ya döşəmə örtüyünün hansı markadan istifadə ediləcəyi açıq göstərilmədikdə, ən minimal və ucuz variant tətbiq olunur. Bu isə keyfiyyət problemlərinə səbəb ola bilər.

Digər problem isə əlavə xərclərlə bağlıdır. Müqavilədə göstərilməyən "material pulu", "zibilin daşınması haqqı", "fəhlə xərci" kimi ödənişlər sonradan ayrıca tələb edilə bilər.

Ekspertlər bildirirlər ki, vətəndaşlar müqavilə bağlayarkən bütün texniki detalları yazılı şəkildə tələb etməli, istifadə olunacaq materialların marka və standartlarını sənəddə göstərməlidirlər. Əks halda "kvadrat metr"lə təklif olunan sərfəli qiymət sonradan ciddi əlavə xərclərlə nəticələnə bilər.

Mina Mikayılova
Milli.Az