Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu il respublika üzrə yollarda xətlənmə və nişanlanma işlərinə sərf edəcəyi proqnozlaşdırılan vəsaitin həcmi açıqlanıb.
Milli.Az xəbər verir ki, qurum sözügedən işlərin icrası ilə bağlı satınalma müsabiqəsi elan edib.
Hazırda həmin işlərin icrasını həyata keçirəcək şirkət axtaran AYNA xətlənmə işlərinə 36 milyon 795 min manat, nişanlanma işlərinə isə 29 milyon 854 min manat (ümumilikdə 66 milyon 650 min manat) vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Xatırladaq ki, AYNA ötən il respublika ərazisində - magistral yollarda xətlənmə işlərinə 11 milyon 465 min manat, nişanlanma işlərinə isə 33 milyon 549 min manat (ümumilikdə 45 milyon manat) vəsait sərf edib. Ötən il xətlənmə və nişanlanma işlərinin icrasını isə "Sumqayıt Texnologiyalar Parkı"nın tabeliyindəki "STP-Btech" şirkətinə həvalə edib.
Beləliklə, agentlik bu il respublika üzrə yollarda xətlənmə və nişanlanma işlərinə əvvəlki illə müqayisədə təxminən 48 faiz və ya 21 milyon 650 min manat artıq vəsaitin sərf olunacağını proqnozlaşdırıb./İqtisadiyyat.az
Milli.Az