"CineMastercard" kinoteatrında çoxdan gözlənilən "Qışqırıq 7" qorxu filminin dünya premyerasından bir gün əvvəl xüsusi nümayişi təşkil olunub.
Milli.Az xəbər verir ki, Kult franşizanın pərəstişkarları ekran əsərinin davamını geniş auditoriyadan öncə izləmək və gərginlik dolu hadisələrin içinə ilk olaraq qərq olmaq imkanı əldə ediblər.
Tədbir "Portal Games" kvest şirkətinin dəstəyi ilə baş tutub və axşamı interaktiv qorxu dünyasına real səyahətə çevirib. Qonaqları filmin əsas mənfi obrazı - məşum Ghostface qarşılayıb və ilk dəqiqələrdən həyəcanlı gözlənti hissi yaradıb.
Tematik dekorasiyalar, qaranlıq fotoguşələr və qorxulu interyer elementləri tamaşaçılara film atmosferini yaxından hiss etməyə imkan verib.
Qapalı nümayişdə xüsusi qonaqlar, tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
"CineMastercard" kinoteatrında keçirilən "Qışqırıq 7" filminin premyeradan əvvəlki nümayişi qorxu janrının pərəstişkarları üçün əlamətdar hadisəyə çevrilib və bir daha sübut edib ki, film izləmək əsl emosional macəraya çevrilə bilər.
Filmin rejissoru Kevin Uilyamsondur. Rollarda: Niv Kempbell, Kortni Koks, İzabel Mey, Jasmin Savoy Braun, Meyson Qudinq, Anna Kemp, Coel MakHeyl, Makkenna Qreys, Mişel Rendolf, Cimmi Tatro.
Film haqqında qısa məlumat: Sidni Preskott yeni həyat qurduğu sakit şəhərcikdə "Kabusa Bənzər Üz"lü qatil ortaya çıxdıqda, onun ən qaranlıq qorxuları gerçəyə çevrilir - qızı növbəti hədəfə çevrilir. Ailəsini qorumaq üçün Sidni keçmişin dəhşətləri ilə üz-üzə qalmalı və qan tökülməsinə birdəfəlik son qoymalıdır.
Tamaşaçılar "CineMastercard" kinoteatrlar şəbəkəsində ilin ən gözlənilən "Qışqırıq 7" qorxu filmini ingilis və rus dillərində izləyə biləcəklər.
Bundan əlavə, film 4DX və ScreenX formatlarında da təqdim olunur. Bu texnologiyalar ekranda baş verənləri daha real hiss etməyə imkan verir və izləmə təcrübəsini maksimum dərəcədə həyəcanverici edir.
Milli.Az