İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşmə məbləği 2027-ci il yanvarın 1-dən ödəniləcək.
Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tibbi sığorta haqqında" Qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, müştərək maliyyələşmə məbləğinin tətbiqinin növbəti dəfə uzadılaraq 2027-ci il 1 yanvar tarixindən həyata keçiriləcək.
Xatırladaq ki, daha əvvəl müştərək maliyyələşmə məbləği 2026-cı il 1 yanvar tarixindən ödənilməli idi.
Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.
Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə və ya dərman vasitələrini buraxmış aptek təşkilatına sığortaolunan tərəfindən birbaşa ödənilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisəsinə və aptek təşkilatına ödənilən sığorta ödənişinin məbləği müştərək maliyyələşmə məbləği həcmində azaldılır.
İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Müştərək maliyyələşmə məbləği və onun tətbiq olunduğu hallar yuxarıdakı abzas istisna olmaqla tibbi xidmətlərə münasibətdə xidmətlər zərfi, dərman vasitələrinə münasibətdə isə pozitiv siyahı ilə müəyyən olunur.
Milli.Az