Prezident İlham Əliyev bir sıra qanunlara edilən dəyişiklikləri təsdiqləyib

2 Mart 2026 13:20

Büdcə təşkilatları dövlət büdcəsi və icmal büdcənin zəruri məlumatlarını dövlət orqanına "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə təqdim edəcək.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Büdcə sistemi haqqında" Qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, bu qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan (qurum) tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Prezident İlham Əliyev həmçinin "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlara edilən dəyişiklikləri də təsdiqləyib.

"Mühasibat uçotu haqqında" Qanuna edilən dəyişikliyə əsasən, "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən qanunda "e-mühasibat" informasiya sistemi" ifadəsi "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi" ifadəsi ilə əvəz olunacaq.

Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılması və maliyyə hesabatları, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini təmin edəcək.

"Dövlət satınalmaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, müvafiq satınalmalarla bağlı müqavilə satınalan təşkilat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra - informasiya sistemi) vasitəsilə imzalandıqdan sonra bu qanuna uyğun olaraq müvafiq məlumatlar həmin informasiya sistemi tərəfindən avtomatik şəkildə dərhal portala ötürüləcək və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü ərzində müvafiq məlumatı portalda dərc edəcək..

Milli.Az