"Əgər İran Hörmüz boğazını bağlasa, bu, dünya neft tədarükünə ciddi təsir göstərəcək".
Bunu Milli.Az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
A.Nəsirli izah edib ki, bu boğaz vasitəsilə Qərbə çıxan neftin böyük hissəsi keçir. Nəticədə neft qiymətləri qalxa bilər, bu da region ölkələrinə həm müsbət, həm də mənfi təsir göstərə bilər.
Ekspertin sözlərinə görə, Azərbaycanın əsas ixrac gəliri neft və qazdan gəlir. Buna görə neft qiymətləri yüksəlsə, dövlət büdcəsi üçün gəlirlər arta bilər:
"Dolların ucuzlaşmasına gəldikdə isə, əksinə, dollar daha da möhkəmlənə bilər. Çünki neftin qlobal qiymətləri artarsa, investorlar ABŞ dollarına sığınmaq istəyə bilərlər. Bu da manat qarşısında dolları bahalaşdırır. Yəni Azərbaycanda dolların ucuzlaşması ehtimalı çox aşağıdır, əksinə, qiymətlər qalxa bilər".
İqtisadçı Eldəniz Əmirov Milli.Az-a açıqlamasında bildirib ki, Hörmüz boğazının bağlanması heç bir halda dollar və manat arasında olan məzənnə göstəricilərinə təsir etmək iqtidarında deyil.
E.Əmirov izah edib ki, bu boğazın bağlanması bilavasitə enerji qiymətlərinin qalxmasına gətirib çıxaracaq:
"Amma boğazın bağlanması uzunmüddətli davam edə bilməz. Çünki Yaponiya, Çin, Hindistan, Cənubi Koreya, eyni zamanda bir çox Avropa ölkələri məhz bu boğaz üzərindən ixrac edilən neft və neft məhsullarını idxal edir. Belə bir ortamda boğazın bağlanması uzunmüddətli dönəm ərzində real deyil".
Ekspertin sözlərinə görə, qısamüddətli dönəmdə isə bunun hər hansısa ciddi mənfi və yaxud müsbət təsiri olan deyil.
Mina Mikayılova
Milli.Az