İranda Müvəqqəti Liderlik Şurasının üzvləri İran prezidenti Məsud Pezeşkian, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi və Konstitusiyaya Nəzarət Şurasının üzvlərindən biri Ayətulla Əlirza Ərafi olacaq.
Milli.Az xəbər verir ki, bunu İranın Məsləhət Şurasının sözçüsü Möhsün Dehnəvi "X" platformasındakı hesabında bildirib.
Onun sözlərinə görə, konstitusiyanın 111-ci maddəsinə əsasən yeni lider təyin olunana qədər sözügedən şəxslər tərəfindən Müvəqqəti Liderlik Şurası idarə olunacaq.
Dehnəvi bildirib ki, tez bir zamanda Ayətullah Ərafi seçilib ki, rəhbərlik durmadan davam etsin və Xobrəqan-Ekspertlər iclası tez bir zamanda daimi lideri seçsinlər.
Qeyd edək ki, İran konstitusiyanın 111-ci maddəsinə əsasən, İran lideri öldüyü, istefa verdiyi və ya kənarlaşdırıldığı halda, İranın Xobrəqan-Ekspertlər Məclisi dərhal yeni liderin təyin olunması və elan olunması üçün addım atır. Lider elan olunana qədər prezident, məhkəmə sisteminin rəhbəri və Xobrəqan-Ekspertlər Məclisinin seçdiyi bir dini alim liderin bütün vəzifələrini müvəqqəti icra edirlər. Bu müddət ərzində üç nəfərdən hər hansı biri öz vəzifəsini yerinə yetirə bilməzsə, Xobrəqan-Ekspertlər Məclisinin seçimi ilə həmin şəxsin yerinə seçilir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb./Trend.Az
Milli.Az