Şəmkirdə Lüteran kilsəsi əsaslı təmir olunur
11 Avqust 2012 09:34
XIX əsrdən bizə miras qalan Şəmkirdəki Lüteran kilsəsinin yenidən təmir və bərpasına başlanılıb. Ötən aydan start verilən işlər Mədəniyyət və Turizm Nazirliyinin layihəsinə uyğun aparılır. Bildirək ki, alman mədəniyyətinin Azərbaycanda yeganə incilərindən sayılan kilsə əsaslı təmirdən sonra muzey kimi fəaliyyət göstərəcək.
1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsində bir neçə dəfə cari təmir işləri aparılsa da, bu tarixi abidə üçün yetərli sayılmırdı. Nəhayət ki, almaniyalı və azərbaycanlı mütəxəssislərin birgə fəaliyyəti nəticəsində Lüteran kilsəsinə baxış keçirildikdən sonra əsaslı təmir və bərpasına başlanılıb. Bərpaçı mühəndis Şaiq Məmmədovun sözlərinə görə, layihə çərcivəsində tarixi tikilinin dam örtüyü, tirləri, tavan hissəsi, pəncərələri, qapıları və daxil tərtibatı tamamilə yenilənir. Bundan başqa, kilsənin divar hissəsi binaya uyğunlaşdırılmış gülbəxt daşı ilə üzlənir. Mütəxəssisin bildirdiyinə görə, kilsənin döşəməsi qızıdırılma sistemi ilə təmin olunduqdan sonra metlax döşənəcək.
Şaiq Məmmədov: "Sonrakı dəyişikliklər tərəfimizdən götürüldü və öz dövrünün xarakterinə uyğun daşlar tapıldı. Hal-hazırda dağılmış, erroziyaya uğramış daşlar hamısı dəyişilir və bu proses də tamamlanmaq üzrədir. Bundan sonra kilsənin ətrafında olan park abidəyə uyğun formada düzəldilib, barısı çəkiləcək.
Şəmkir Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, Lüteran Alman Kilsəsi Nazirlər Kabinetinin sərəncamı ilə qeydiyyata alınıb və tarixi bina dövlət tərəfindən qorunur. Məlumat üçün bildirək ki, kilsənin təmirinə Almaniyanın ölkəmizdəki səfirlyi də dəstək verir.
Qeyd edək ki, Lüteran Alman Kilsəsi 32 il kilsə, daha sonra mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib. Əsaslı təmirdən sonra da kilsənin muzey kimi fəaliyyət göstərəcəyi bildirilir.
Milli.Az