"Baş verən hadisələrə aidiyyəti qurumlar, xüsusən də Hakimlər Komitəsi aydınlıq gətirməlidir".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Misli Premyer Liqasının XXII turu çərçivəsində baş tutan "Şamaxı" - "Neftçi" qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında Bakı klubunun baş məşqçisi Yuri Vernidub səsləndirib.
Mütəxəssis matçla bağlı geniş şərh vermək istəmədiyini vurğulayıb:
"Matçı təhlil etmək fikrində deyiləm. Çünki yaşananlara cavab vermək müvafiq orqanların, ən əsası isə Hakimlər Komitəsinin işidir. Komandamın oyunundan məmnunam, lakin təəssüf hissi ilə qeyd edirəm ki, bu gün baş verənlər çox üzücüdür. Görünən odur ki, VAR otağı epizoda tamamilə fərqli yanaşdı. Bizim görə bilmədiyimizi onlar necəsə görməyə müvəffəq oldular".
"Hakimliklə bağlı problemlər yalnız Azərbaycanda deyil, Ukraynada və digər dövlətlərdə də buna rast gəlinir. Bu vəziyyət klublar üçün həqiqətən də məyusedicidir. Sanki "Neftçi"nin yüksəlməsini istəmirlər və bizi daim geri çəkməyə cəhd edirlər. Buna baxmayaraq, dayanmaq niyyətində deyilik, iradəmiz sayəsində yolumuza davam edəcəyik. Yalnız güclülər bu yolu qət edə bilər. Üzrlü hesab edin, artıq danışmaq istəmirəm" - deyə, təcrübəli mütəxəssis fikirlərini tamamlayıb.
Milli.Az