Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbiri qeyd edilib - FOTO

28 Fevral 2026 18:12

2026-ci ildə görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyi tamam olur. Fevralın 25-də Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə sənətkarın yubiley tədbiri qeyd edilib. Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov və müşavir Cahangir Səlimxanov iştirak ediblər. 

Akademik Rafael Hüseynovun aparıcılığı ilə keçən gecədə unudulmaz tarzənin həyat və sənət yoluna nəzər salınıb. Rafael Hüseynov çıxışında bildirib ki, Bəhram Mansurovun bənzərsiz sənət dünyası, qoyduğu irs bu gün də yaşayır və neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, onlara yol göstərir. Klassik Azərbaycan muğamlarının qorunub saxlanmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov İçərişəhərdə boya-başa çatıb. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynayıb. Görkəmli tarzən1932-ci ildə M.Maqomayevin dəvəti ilə Opera və Balet Teatrına gəlir və ömrünün sonuna kimi burada çalışır. Bəhram Mansurov UNESCO tarixinə düşən ilk azərbaycanlıdır. Ölməz sənətkarın ifaçılıq sənəti daim xalqımızın yaddaşında qalacaqdır.

Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə sənətkarın oğlu və layiqli davamçısı Əməkdar artist Elxan Mansurovu 70 illik yubileyi münasibətilə təbrik edərək , mərkəzin adından təbrik məktubunu ünvanlayıb. 

Yubiley tədbirində Xalq artistləri Vamiq Məmmədəliyev, Sərdar Fərəcov, Möhlət Müslümov, Alim Qasımov, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar artist Razi Şükürov və AMK-nın dosenti, tarzən Mahmud Əliyev çıxış edərək sənətkarla bağlı düşüncə və xatirələrini bölüşüblər. Görkəmli tarzənin oğlu, Xalq artisti, bəstəkar Eldar Mansurov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Gecə tanınmış muğam ifaçılarının konsert proqramı ilə davam edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az