Klopp "Real"ın baş məşqçisi olmaq üçün şərtlərini AÇIQLADI

28 Fevral 2026 18:39

"Liverpul"un sabiq çalışdırıcısı Yurgen Kloppun yayda "Real Madrid"in baş məşqçisi vəzifəsinə təyin olunması ehtimalı gündəmə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis İspaniya klubundan gələcək mümkün təklif qarşılığında əməkdaşlıq üçün konkret tələblərini artıq müəyyənləşdirib.

Klopp "Kral klubu"nun sükanı arxasına keçməyə razılıq vermək üçün heyətin ciddi şəkildə gücləndirilməsini vacib sayır. Almaniyalı çalışdırıcı komandaya iki mərkəz müdafiəçisi və iki yarımmüdafiəçinin cəlb olunmasını şərt kimi irəli sürür. Bundan əlavə, o, braziliyalı hücumçu Endrikin yenidən komandaya qaytarılması məsələsində israrlı mövqe nümayiş etdirir.

Yayılan məlumatlara görə, tanınmış məşqçi hazırkı heyətdə bəzi köklü dəyişikliklərin edilməsinə də etiraz etmir. Belə ki, o, klubun aparıcı oyunçuları olan Cud Bellinqem və Eduardo Kamavinqa ilə yolların ayrılması variantını nəzərdən keçirməyə müsbət yanaşır.

Xatırladaq ki, Yurgen Kloppun son iş yeri İngiltərənin "Liverpul" klubu olub. O, 2015-ci ildən 2024-cü ilə qədər bu kollektivə rəhbərlik edib.

Milli.Az