Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, paytaxt sakini Aqil Məmmədovun idarə etdiyi "Renault" markalı avtomobil manevr qaydalarını pozduğu üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Aqil Məmmədovun narkotik maddə qəbul etməsi müəyyən olunub.
Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və Aqil Məmmədov inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.
Milli.Az