Kosmik "Qara Maddə"nin sonu gəlir? - Astronomiyada yeni tapıntı

28 Fevral 2026 08:08

Onilliklərdir ki, elm adamları kainatı bir arada tutan, lakin görünməyən "qara maddə"ni axtarırlar. Lakin yeni bir araşdırma bu nəzəriyyənin səhv ola biləcəyini və "itkin" maddənin əslində sönmüş ulduzlar və qara dəliklər olduğunu ortaya qoyub.

Milli.Az xəbər verir ki, Bonn Universitetinin tədqiqatçıları 46 qalaktika klasterini (məsələn, Abell 0085 və Abell 1795) yenidən analiz edərək məlum olmayan bir həqiqəti tapıblar. Bu klasterlər əvvəllər düşünüldüyündən iki qat daha çox normal maddəyə malikdir.

Professor Pavel Kroupa bildirir ki, "itkin" hesab olunan kütlə əslində neytron ulduzları, ağ cırtdanlar və ulduz mənşəli qara dəliklərdən ibarətdir. Bunlar "baryon qara kütləsi" adlanır və indiyə qədər hesablamalarda nəzərə alınmırdı.

Yeni tapıntılar Mordehai Milqromun MOND (Modifikasiya olunmuş Nyuton Dinamikası) nəzəriyyəsi ilə tam üst-üstə düşür. Bu nəzəriyyəyə görə, qalaktikaların hərəkətini izah etmək üçün xəyali "qara maddəyə" ehtiyac yoxdur, sadəcə cazibə qanunlarını fərqli başa düşmək lazımdır.

Əgər bu araşdırma təsdiqlənsə, son 40-50 ilin astrofizika dərslikləri yenidən yazılmalı olacaq. Professor Kroupanın sözlərinə görə, qara maddə araşdırmalarına milyardlarla dollar xərcləmək artıq "vergi ödəyicilərinin pullarını boşa xərcləməkdir".

Lalə Qüdrətova
Milli.Az