“Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində konsert proqramı təqdim edilib - FOTO

27 Fevral 2026 16:37

Beynəlxalq Muğam Mərkəzində "Sazın səsi, sözün nəfəsi" layihəsi çərçivəsində konsert proqramı təqdim edilib. Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin xatirəsinə həsr olunan gecədə əvvəlcə alimin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olunub. Film AMEA Folklor İnstitutu tərəfindən hazırlanıb.

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək alimin Azərbaycan folklorşünaslığına, xüsusilə aşıq yaradıcılığının tədqiqinə verdiyi töhfələr və zəngin elmi irsindən söz açıb. Borçalı folklorunun toplanması və tədqiqində mühüm xidmətlər göstərdiyini vurğulayıb. Aşıq Altay Məmmədli mərhum alimlə bağlı xatirələrini bölüşüb.

Gecə tanınmış aşıqların ifasında konsert proqramı ilə davam edib. Proqramda Elxan Məmmədlinin poeziya nümunələri də yer alıb. Tədbirin sonunda ailə adından Eldar Məmmədli çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az