"Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!" şüarı altında elan olunmuş 8-21 yaş arası uşaq, yeniyetmə və gənclər arasında keçirilən "Qiş nağili" adlı yaradıcılıq sərgisinə ölkənin müxtəlif bölgələrindən böyük maraq göstərilib. Müsabiqəyə 1000-dən çox müraciət daxil olub, iştirakçılar tərəfindən 1500-dən artıq qış mövzulu rəsm əsəri təqdim edilib.
Müxtəlif yaş qruplarını əhatə edən sərgidə qış gecələrinin səhnələri, qarlı mənzərələr, təbiətin qış yuxusu, qarın yaratdığı əhval-ruhiyyə, xəyal edilən qış mənzərələri və ətraf mühitin qış ovqatı kimi mövzular üstünlük təşkil edib. Təqdim olunan işlər arasından seçilmiş əsərlər və müəlliflərin siyahısı ictimaiyyətə təqdim olunub.
Seçilmiş və digər diqqətəlayiq əsərlər növbəli şəkildə Xətai Sənət Mərkəzinin sərgi zalında nümayiş etdiriləcək.
Sərgi tarixləri:
3 mart 2026 - saat 12:00 və 16:00
4 mart 2026 - saat 12:00 və 16:00
5 mart 2026 - saat 12:00 və 16:00
Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzidir.
Layihəyə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Rəssamlar Birliyi dəstək göstərir.
Əsəri sərgilənən hər bir iştirakçıya sertifikat təqdim olunacaq. Bununla yanaşı, sərgidən seçiləcək 30 əsərin müəllifinə xüsusi hədiyyələr veriləcək və həmin əsərlər geri qaytarılmayacaq. Seçilmiş işlər Xətai Uşaq Sənəti Qalereyasının kolleksiyasına daxil edilərək gələcək sərgi və mədəni tədbirlərdə nümayiş olunacaq.
Qeyd edək ki, sərgiyə bir qrup eston məktəblisi də öz əsərlərini təqdim edib. Həmin işlər təşkilatçılar tərəfindən çap edilərək sərgidə nümayiş olunacaq və müəlliflərinə sertifikatlar təqdim ediləcək.
Təşkilatçılar bildirirlər ki, "QIŞ NAĞILI" sərgisi gənc nəslin təbiətə həssas münasibətinin formalaşmasına, onların yaradıcılıq potensialının üzə çıxarılmasına və ətraf mühitin qorunmasına diqqətin artırılmasına xidmət edəcək.
Təqdim olunan əsərlər arasından seçilmiş əsərlər və müəlliflər:
https://online.fliphtml5.com/udgyq/uplk/
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az