Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericilikdə dəyişikliklər edilib.
Milli.Az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
14 iyul 2025-ci il tarixində "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna və 9 fevral 2026-cı il tarixində Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli Qərarına edilmiş dəyişikliklərə əsasən, qeydiyyat orqanı tərəfindən belə fərqlər aşkar olunduğu təqdirdə, qeydiyyat orqanı 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparır. Bundan sonra torpaqayırma qərarları, kadastr xəritələri və digər hüquqi-texniki xarakterli sənədlər yoxlanılır, uyğunsuzluğun yaranma mənbəyi və məlumatların düzgünlüyü aydınlaşdırılır.
Vətəndaşlar tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən kateqoriya ilə bağlı məlumatların doğruluğu təsdiq edildikdə, daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər olunur. Əks halda hüquqların qeydiyyata alınmasından imtina edilir.
Bu prosedur vətəndaşların hüquqlarının daha səmərəli şəkildə həyata keçirilməsinə, daşınmaz əmlakın dövlət reyestrində və kadastrındakı məlumatların dəqiqləşdirilməsinə imkan verir./Trend.Az
Milli.Az