MTK-ların qaraj biznesi: 120.000 manata satılan yerlər

28 Fevral 2026 09:00

Azərbaycandakı Mənzil-Tikinti Kooperativləri (MTK) inşa etdikləri binalardakı mənzillərdən gəlir əldə edir. Onlar həmçinin binaların parkinq yerlərini icarəyə verərək əlavə vəsait qazanırlar.

Mövzunu Milli.Az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, qiymət siyasəti kimin tərəfindən müəyyən edilməsindən asılı olmayaraq maliyyə əsaslandırmasına malik olmalı və bazara uyğun olmalıdır.

"Hər hansı Mənzil-Tikinti Kooperativinin (MTK) qiymətləndirmə prosesini sifariş etmədən, bazarı araşdırmadan özbaşına qiymət qoyması hüquqi və qanuni deyil. Bu, birbaşa qiymətləndirmə şirkətlərinin vəzifəsidir.

MTK-lar yalnız həmin qarajların qeyri-yaşayış sahəsi kimi sənədi olduqda qiymətləndiricilərə müraciət edib qiymət tətbiq edə bilərlər. Bu zaman MTK həmin yerləri satışa çıxara və icarəyə verə bilər. Əgər MTK-nın həmin sahələrə çıxarışı varsa, bu onun hüququdur. Əgər qaraj binanın ümumi mülkiyyətindədirsə MTK həmin qaraj yerləri üçün icarə qiyməti təqdim etmək hüququna malik deyil". 

Sədr qeyd edib ki, əgər idarəetmə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) olarsa, qiymətlər yalnız ümumi qərara əsasən müəyyən olunmalıdır.

"Vətəndaşlar mənzil alarkən müqaviləyə diqqət etməlidirlər. Müqavilədə qeyd olunarsa ki, ərazidəki qarajlar ayrıca satılır, bu zaman MTK-ya qarşı heç bir iddia irəli sürmək olmaz. Əgər belə bənd yoxdursa, MTK-lar əlavə heç bir ödəniş tələb edə bilməz. Hazırda Bakı şəhərində bir avtomobil üçün qaraj yerinin minimum satış qiyməti əraziyə görə 7.000 manatdan başlayaraq 120.000 manat arasında dəyişir. İcarə qiymətləri isə aylıq 50-200 manatdır", - deyə o qeyd edib.​ 

Ayxan

Milli.Az