"Qarabağ"ın bu mövsüm Çempionlar Liqasında keçirdiyi tarixi mövsümdə ən önəmli yerlərdən birini komandanın yayda transfer etdiyi Kamilo Duran tutur.
Qazandığı uğurlarda böyük pay sahibidir.
Kolumbiyalı forvard vurduğu qollarla Ağdam klubuna xallar qazandıra bildi. Həmçinin çox müzakirə olunan "Qarabağ"da hücumçu problemi var" söz-söhbətlərinin səngiməsinə səbəb oldu.
Kamilo Duranın həyat hekayəsi isə olduqca maraqlıdır. O, 2002-ci ildə Kolumbiyanın Santa Marta şəhərində dünaya gəlib. Duranın uşaqlığı çətin mühitdə və ifrat yoxsulluq içində keçib. Onun məşqçilərindən biri bildirib ki, Kamilo bəzən küçələrdə təkbaşına dolaşır, aclıq çəkirdi. Santa Martada sosial-iqtisadi mühit olduqca ağır idi. Maddi çatışmazlıqlar səbəbindən o, bəzən evindən ayrılıb günlərlə küçələrdə vaxt keçirirdi. Çətin mühitdə dəcəl və hərəkətli biri kimi də tanınırdı.
Atası isə velosiped ustası idi və ailəsini bu yolla dolandırmağa çalışırdı. Amma onun qazancı ailəsinə yetmirdi.
Kamilo 9 yaşçında "Niko Cozy Corner" komandasında futbol oynamağa başlayır. Sol ayağı və vurduğu qollarla məşqçilərin diqqətini cəlb edə bilir.
Kolumbiyalı futbol məşqçisi və gənc istedadların kəşfi ilə məşğul olan futbol adamı Euclides "Quile" Orejarena Duranı himayə edir. O, futbolçuya maddi dəstək göstərir, yemək və nəqliyyat xərclərini qarşılayır. Futbolçu isə bunu boşa çıxarmır. Yerli turnirlərdə qollar vurmağa başlayır.
Orejarena onun futboldakı ilk illəri barədə belə danışır:
"Santa Martada ona oxşarlığına görə Neymar deyirdilər. Böyüdükcə hücumçu kimi fərqlənirdi, yaxşı sol ayağı var idi.Maqdalena yığmasında çıxışını gördükdən sonra Medelinə getmək vaxtı çatdı. O, ailədən asılı deyildi. Hər şey orada başladı, Antokiya seçmələrində oynadı, departament çempionu oldu, amma ona çox səbr göstərmədilər".
O dövrdə futbolçunun Portuqaliyanın aşağı liqasına getməyə razı salındığını bildirən mentor sözlərinə belə davam edib:
"Əvvəl "Lusitania"da oldu, sonra "Estrela Amadora"ya keçdi, oradan isə "Portimonense"yə getdi. Orada daha yaxşı müqavilə imzaladı, çox oyun keçirdi, qollar vurdu. Onu əvvəldən tanıyan və istəyən bir məşqçi ilə yenidən çalışdı, hər şey yaxşı getdi. Bir müddət əvvəl mənə dedi ki, Azərbaycana gedir. Təəccübləndim, amma baxın, anonimlikdən çıxmağı bacardı".
Daha sonra "Huracan La Ocho" klubuna keçir. Burada da yaxşı çıxışı ilə diqqət çəkir və "İndependente Medelin"də oynamağa başlayır. Kolumbiyanın ən məşhur klublarının birində oynadığı futbolla Braziliyanın məşhur klubu "Flamenqo"nun skautlarını diqqət mərkəzinə düşür. Bu isə onun futbol kayerasının, Avropaya yolunun başlanğıcı olur.
Amma ölkəsində yaşadığı məyusluqlara görə Portuqaliyaya gəlir. Əvvəlcə, "Lusitania" klubu ilə müqavilə imzalayır. Daha sonra isə "Estrela Amadora"ya keçir. Daha sonra o, Portuqaliya ikinci liqasında mübarizə aparan "Portimonense" klubu ilə müqavilə imzalayır. Burada keçirdiyi 28 oyunda 5 qol vurur. Bu isə "Qarabağ"ın diqqətini cəlb edir. O, 2025-ci ildə Azərbaycan təmsilçisinə 200 min avro qarşılığında transfer edilib.
Kamilo Duranın Çempionlar Liqasındakı uğurlu çıxışı isə diqqət çəkməyə bilməzdi. O, pley-off mərhələsində "Nyukasl"a vurduğu 5-ci qolla ölkəsinin ulduzu Radamel Falkaoya çatdı. Bir Çempionlar Liqası mövsümündə ən çox qol vuran kolumbiyalı futbolçular sırasına daxil oldu.
"Qafqazinfo"