Bu şəxlərin gecə işləməsinə icazə verilmir

27 Fevral 2026 17:30

Gecə vaxtı yerinə yetirilən işlərə yaşı 18 az olan işçilərin cəlb edilməsinə yol verilmir.

Milli.Az-ın məlumatına görə, bu, Əmək Məcəlləsinin 98-ci maddəsində əksini tapıb.

əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar, 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

Növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.

Qeyd edək ki, Əmək Məcəlləsinin 97.1-ci maddəsinə görə, saat 22:00-dan səhər 06:00-a qədər olan müddət gecə vaxtı sayılır. Əgər iş vaxtının ən azı yarısı bu zaman aralığına düşürsə, həmin növbə "gecə növbəsi" sayılır.

Mina Mikayılova
Milli.Az