Arxeoloqlar 5000 illik konusların sirrini açdı - FOTO

27 Fevral 2026 08:48

Yaxın Şərqdə, xüsusilə Mis dövrünə (Kalkolitik dövr) aid qazıntı sahələrində tapılan sirli konusvari saxsı qabların nə üçün istifadə edildiyi on illərdir elm adamlarını düşündürürdü. Yeni araşdırmalar bu qabların qədim ayinlərdə və gecə növbələrində istifadə olunan mum lampaları olduğunu sübut edib.

Milli.Az xəbər verir ki, E.ə. 5000 - E.ə. 3300-cü illəri əhatə edən bu qablar yalnız həmin dövrdə populyar olub və sonrakı dövrlərdə yoxa çıxıb.

Tədqiqatçılar müəyyən ediblər ki, bu lampaların hazırlanması çox sadə olub - qədim sənətkarlar cəmi 10 dəqiqə ərzində bir konus hazırlaya bilirdilər.

Qabların xarici tərəfi düzgün formaya salınsa da, daxili hissəsi kobud və kələ-kötür saxlanılıb. Alimlər bunu onunla izah edirlər ki, qabın içi mumla dolu olduğu üçün daxili səthin hamar olmasına ehtiyac duyulmayıb.

Bəzi konusların içərisində aşkar edilən his (is) qalıqları onların həqiqətən yandırıldığını və işıqlandırma məqsədilə istifadə olunduğunu təsdiqləyən ən güclü sübutdur.

Tel-Əviv Universitetinin tədqiqatçıları hesab edirlər ki, bu konuslar Teleilat Qassul kimi ərazilərdə keçirilən gecə ayinləri və növbələri üçün xüsusi olaraq istehsal edilirdi. Hətta həmin bölgədəki qədim divar rəsmlərində də bu cür işıqlandırma mərasimlərinin təsvirlərinə rast gəlinir.

Lalə Qüdrətova
Milli.Az