"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu yaşıl meydanlardakı uğurlarını biznes aləminə daşıyaraq böyük bir addım atıb. O, İspaniyanın "Almeriya" klubunun səhmlərinin 25 faizini aldığını rəsmən açıqlayıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu sövdələşmə Ronaldunun rəhbərlik etdiyi "CR7 SA" şirkətinin yeni törəmə müəssisəsi olan "CR7 Sports Investments" vasitəsilə həyata keçirilib.
Hazırda Sequndada (İspaniyanın ikinci divizionu) mübarizə aparan "Almeriya" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və elitaya qayıtmaq üçün güclü namizədlərdən biridir.
Kriştianu Ronaldu bu qərarı barədə danışarkən futbol dünyasına meydandan kənarda da töhfə vermək istədiyini bildirib:
"Uzun müddətdir ki, futbola meydandan kənarda da xidmət etmək niyyətində idim. "Almeriya" möhkəm təməlləri və böyük inkişaf potensialı olan bir klubdur. Klubun yeni
inkişaf mərhələsində rəhbərliklə çiyin-çiyinə çalışmaq istəyirəm".
Xatırladaq ki, "Almeriya"nın hazırkı prezidenti Məhəmməd əl-Xereyci ötən il klubu Türki əl-Şeyxdən satın almışdı. Əl-Xereyci ilə yaxın dostluq münasibətləri olan Ronaldunun bu sərmayəsi klubda həm əsas komandanın, həm də akademiyanın inkişafı üçün yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.
Milli.Az