Gecikən işçinin maaşından nə qədər tutula BİLƏR?

26 Fevral 2026 13:52

Bəzi işəgötürənlər əməkdaş bir neçə dəfə işə gecikən kimi onunla bağlı tənbeh tədbirləri görməyə başlayır.

Milli.Az xəbər verir ki, hətta buna görə işçinin əməkhaqqından 50%-ə qədər kəsməyə də başlayırlar.

Bəs, bu nə dərəcədə qanunauyğundur? Hansı halda işçinin əməkhaqqından tutula bilər?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, işçi ilə işəgötürən arasında yalnız iki növ müqavilə bağlana bilər. Bunlar əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilədir. Heç bir əmək müqaviləsində işə gecikməyə görə maaşın 50 faizinin tutulması şərti irəli sürülə bilməz.

Qeyd edib ki, üzürsüz səbəbdən işə gecikmə əmək intizamının pozulması hesab edilir və buna görə xəbərdarlıq edilə bilər:

"Bu, sistematik olarsa, və ya işə gecikmə maddi itkiyə səbəb olarsa, işçiyə töhmət və ya son xəbərdarlıqla şiddətli töhmət verilə, hətta əmək müqaviləsinə xitam verilə bilər. Əgər kollektiv müqavilədə nəzərdə tutulubsa, əməkhaqqı 6 ay müddətinə qədər, lakin 25%-dən çox olmamaq şərtilə azaldıla bilər".

S.Məmmədov vurğulayıb ki, tərəflər arasında bağlanan tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, əməkdaş iş yerində külli miqdarda maddi itkiyə səbəb olarsa, bu halda onun əməhaqqının 50%-i müəyyən şərtlərlə tutula bilər.

Mina
Milli.Az