Bir gecəlik toy, illərlə KREDİT - “Camaat nə deyər?” düşüncəsi gəncləri borca SALIR

26 Fevral 2026 10:56

Ölkədə keçirilən toy xərcləri bir çox ailəni kreditə üz tutmağa məcbur edir. Şadlıq sarayları, musiqiçilər, avtomobil, bəy gəlin libası, fotoqraf, cehiz bütün bunlar bir gecəlik məclis bəzən minlərlə manata başa gəlir. Nəticədə illərlə davam edən kredit öhtəliyi yaranır.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Zahir Məmmədovun sözlərinə görə, istehlak kreditləri ilə təşkil olunan toy mərasimləri ailənin gələcək maliyyə sabitliyinə mənfi təsir göstərə bilər:

"Kredit ödənişləri yeni qurulan ailənin aylıq büdcəsinə ciddi yük yaradır. Bu isə sonradan ailə daxili gərginliklərə səbəb ola bilir. Toy kreditlərinin alınması geniş hal alıb. Bu isə insanların yoxsullaşmasına, borclanmasına, ilk gündən problemlə rastlaşmasına yol açır. Əlbəttə, bunun qarşısını almaq üçün maarifləndirici tədbirlər aparılmalıdır. Dünyada bu cür toylar yoxdur, biz bunu etdikcə istifadə etmədiyimiz xidmətlərin də qiymətini artırmış oluruq". 

Sosial şəbəkədə paylaşılan dəbdəbəli toy görüntüləri gəncləri və valideynləri geri qalmamaq fikrini oyadır. 

Sosioloq Nailə Məmmədova bildirib ki, bəzən el-oba, "camaat nə deyər?" düşüncəsi insanları heç nədən geri qalmamaq hissi yaşadır:

"Bəzi hallarda toyun büdcəsi 20-25 min manatı keçir. Bu məbləğin əhəmiyyətli hissəsi bank krediti əsasında qarşılanır. Bu xərcləri kiçildərək daha çox gənclərin sosial məsələsini həll etmək daha düzgün olar".

Qeyd edək ki, son zamanlar sadə minimal toylara maraq artsa da dəbdəbəli toylar hələ də üstünlük təşkil edir.

Aysel 
Milli.Az