“Qalatasaray”la oyun tam bir absurddur”

26 Fevral 2026 10:45

"Yuventus"un müdafiəçisi Federiko Qatti UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qalatasaray"a 2:3 hesablı məğlubiyyətdən sonra sərt açıqlamalarla çıxış edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  italiyalı müdafiəçi komandasının turnirdən kənarda qalmasını həzm edə bilməyib. O, İstanbul təmsilçisi ilə keçirilən gərgin oyunu və hakim qərarlarını tənqid atəşinə tutub.

"Biz sadəcə çılğın bir oyun nümayiş etdirdik. Belə mübarizədən sonra növbəti mərhələyə vəsiqəni itirməyimiz bir absurddur. Kelli ilə bağlı məqam? Mənə elə gəlir ki, bu, sayıqlamadır. O, nə etməli idi? Müasir futbolda müdafiəçiləri hər şeyə görə cəzalandırırlar", - deyə müdafiəçi vurğulayıb.

Qatti oyunun gedişatını dəyişə bilsələr də, ümumi nəticənin məyusedici olduğunu vurğulayıb:

"Oyuna qayıdıb gedişatı xeyrimizə dəyişə bildik, lakin heyf ki, əslində hər şey hələ ilk qarşılaşmada uduzulmuşdu. Yekunda yalnız nəticə önəmlidir, amma bu gün möhtəşəm oyun göstərdik. Limon kimi sıxılmışam və çox məyusam".

Zədədən yeni qayıdan müdafiəçi fiziki durumu barədə də danışıb:

"Yaxınlarda bərpa olunmuşam, hələ bir az diskomfort hiss olunur. Lakin nə qədər çox oynasan, formanı bir o qədər tez bərpa edirsən. Belə matçlara görə meydana çıxmağa dəyər. Luçano Spalletti ilə oyundan sonra hələ ki, görüşməmişik".

Milli.Az