Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr

25 Fevral 2026 15:31

"Oruc tutarkən imsak və iftar arasındakı uzun müddət ərzində enerji səviyyəsinin stabil saxlanılması əsasən düzgün qida seçimi və metabolik tarazlığın qorunmasından asılıdır". 

Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. 

Onun sözlərinə görə, elmi tədqiqatlar göstərir ki, kompleks karbohidratlar, yüksək keyfiyyətli zülallar və sağlam yağlar qanda qlükoza səviyyəsinin daha stabil qalmasına kömək edir və uzunmüddətli toxluq hissi yaradır:

"İmsak zamanı tam taxıl məhsulları, yulaf, qara çörək, kəpəkli taxıllar, yumurta, qatıq, pendir, qoz‑fındıq və zeytun kimi qidalar tövsiyə olunur. Çünki bu məhsulların glisemik indeksi aşağıdır və enerji tədricən sərbəst buraxılır. Eyni zamanda kifayət qədər maye qəbulu çox vacibdir, çünki susuzlaşma yorğunluq, baş ağrısı və diqqətin azalmasına səbəb ola bilər". 

Mütəxəssis-ekspert bildirib ki, iftar zamanı isə ani olaraq çox miqdarda sadə şəkər və ağır yağlı qidaların qəbulu qanda qlükozanın sürətlə yüksəlməsinə və daha sonra sürətlə düşməsinə səbəb olaraq halsızlıq yarada bilər:

"Buna görə iftarı su, xurma və ya yüngül şorba ilə başlamaq, sonra isə balanslaşdırılmış şəkildə zülal mənbələri (balıq, toyuq, paxlalılar), kompleks karbohidratlar və tərəvəzlərlə davam etmək metabolik sabitliyi qorumağa kömək edir. Bundan əlavə, liflə zəngin qidalar həzm prosesini tənzimləyir və bağırsaq fəaliyyətini yaxşılaşdırır". 

Mina Mikayılova
Milli.Az