Hər reys üçün 40 manat alan sürücüyə 1900 manat cərimə gəldi - ŞİKAYƏT

26 Fevral 2026 17:04

Quba-Bakı yolunda tikinti materialları daşıyan yük maşını sürücüsü idarə etdiyi nəqliyyat vasitəsinə yazılan cərimədən narazıdır.

Milli.Az xəbər verir ki, Faiq Şahvələdov deyir ki, yükü qanunidir və cəriməsi isə yoxdur.

Faiq Şahvələdov deyir ki, 77 RB 544 nömrə nişanlı "Daf" yük maşınını idarə edib. Cərimə də ona 2025-ci ilin avqustunda yazılıb.

Hər reysinə 40 manat pul aldığını iddia edən sürücü, elə o vaxtdan da cəriməsinə bir də üstəlik dəbbə pulu yazıldığını deyir. Sürücü hazırda 1900 manat cəriməsi olduğunu deyib. 

Məsələ ilə bağlı ekspert Ərşad Hüseynov bildirdi ki, qanunda bu sürücülər üçün hətta müəyyən qədər faiz nəzərdə tutulur:

"İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsində 5 faizlik hədd buraxılıb. 5 faizdən sonra 600 manatlıq cərimə tətbiq olunur". 

Sözügedən problemlə bağlı AYNA-dan qeyd edildi ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən yük nəqliyyat vasitələri yüklə birlikdə ümumi çəkisi nəqliyyat vasitələrinin sayından asılı olaraq müəyyən olunur:

"Qərarda təsbit olunan meyarların hamısı, yəni bütün parametrlər elektron tərəzinin alqoritmində əks olunub. Nəqliyyat vasitələri elektron tərəzidən keçərkən həmin alqoritmlər əsasında ölçmə aparılır. Gündəlik təxminən 13.000 yük maşınından 1%-dən azı cərimələnir. Sürücülərin tormozlama, sürətlənmə, qəfil manevrlər və yükün düzgün bərkidilməməsi kimi davranışları ölçmələrin nəticəsinə təsir edə bilər".

Cərimələr DYP tərəfindən AYNA-nın təqdim etdiyi məlumatlara əsasən tərtib edilir. Əgər tərəzi məlumatında səhv varsa, AYNA bunu düzəldib yol polisinə məlumat verməli, yalnız bundan sonra cərimə yenidən nəzərdən keçirilə bilər.

Asya
Milli.Az