24 ölkədən minlərlə robot tozsoranın kamerasına girdi

25 Fevral 2026 13:29

Çinin mülki dron istehsalçısı DJI tərəfindən istehsal edilən robot tozsoranın parametrlərini dəyişdirən proqram təminatı mühəndisi Sammy Azdoufal təsadüfən 24 ölkədən təxminən 7000 robot tozsoran cihazına giriş əldə edib.

Milli.Az xəbər verir ki, hadisə Azdoufalın yeni aldığı robot tozsoranı oyun kontrolleri ilə idarə etmək üçün tətbiq hazırlaması zamanı baş verib. O, cihazın şirkət serverləri ilə əlaqə qurma prosesində yaranan icazə boşluğu nəticəsində digər istifadəçilərin məlumatlarına da giriş imkanını aşkar edib.

Mühəndis IP ünvanları vasitəsilə real vaxt rejimində cihazların kameralarına və mikrofonuna, seriya nömrələrinə, batareya vəziyyətinə, evlərin mərtəbə planlarına və təxmini yer məlumatlarına daxil ola bilib. Azdoufal heç bir sistemə qanunsuz müdaxilə etmədiyini bildirib və bu girişlərin təsadüfi olduğunu qeyd edib.

Hadisə, kameralı və mikrofonlu robot tozsoranların məlumat təhlükəsizliyi və şəxsi məxfilik məsələlərini yenidən gündəmə gətirib. Ekspertlər xəbərdarlıq edirlər ki, kifayət qədər təhlükəsizlik tədbirləri görülməsə, bu tip cihazlar ciddi məxfilik riskləri yarada bilər.

Fidan
Milli.Az