İspaniya nəhəngi "Real Madrid" heyətini gücləndirmək üçün İngiltərə Premyer Liqasında çıxış edən futbolçuya maraq göstərir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, söhbət "Tottenhem" klubunun müdafiəçisi Mikki van de Vindən gedir.
Məlumata görə, 24 yaşlı niderlandlı arxa xətt oyunçusu Madrid təmsilçisinin transfer siyahısında əsas namizədlərdən biri hesab olunur. Bildirilir ki, futbolçu özü də gələcək karyerası ilə bağlı düşünür və daha böyük uğurlar qazanmaq üçün yeni çağırışlara açıqdır.
Van de Vin karyerasında titul qazanmağı prioritet hesab edir və bu baxımdan klub dəyişikliyinə isti yanaşır. "Real"ın isə müdafiə xəttini gənc və sürətli oyunçu ilə gücləndirmək niyyətində olduğu vurğulanır.
Qeyd edək ki, müdafiəçi 2023-cü ilin avqustundan etibarən "Tottenhem"in formasını geyinir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 33 qarşılaşmada iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Hüseyn
Milli.Az