Cənubi Amerika ölkəsi olan Surinamda Kanadanın dağ-mədən şirkəti tərəfindən aparılan qazıntı işləri nəticəsində sənaye standartlarından qat-qat yüksək saflığa malik nəhəng qızıl damarı aşkar edilib. Mütəxəssislərin fikrincə, bu kəşf ölkə iqtisadiyyatını tamamilə dirçəldə bilər.
Milli.Az xəbər verir ki, "Founders Metals" şirkətinin Maria Geralda sahəsində apardığı qazıntılarda 22,5 metr dərinlikdə hər tonda 11,88 qram qızıl aşkar edilib. Dağ-mədən sektorunda hər tonda 10 qram qızıl "yüksək keyfiyyət" həddi hesab olunur ki, bu kəşf həmin limiti də keçib.
Qızıl yatağı dünyanın ən zəngin mədən qurşaqlarından biri sayılan və 1,7 milyard illik geoloji keçmişə malik "Guiana Shield" bölgəsində yerləşir.
Rezervin həm böyüklüyü, həm də qızılın saflıq dərəcəsi beynəlxalq ekspertlərin diqqətini cəlb edib. Bildirilir ki, yerin altındakı fay xətləri boyunca yaranan çatların zamanla kvars və qızıl tərkibli mayelərlə dolması bu yüksək keyfiyyəti təmin edib.
Əvvəllər heç vaxt qazıntı aparılmamış bu ərazidə tapılan qızıl damarı Surinamın dünya mədən bazarındakı mövqeyini kökündən dəyişdirə bilər.
Lalə Qüdrətova
Milli.Az