Çinin pilotsuz uçuş aparatları (dron) nəhəngi DJI tərəfindən istehsal olunan robot süpürgənin proqram təminatı ilə maraqlanan bir mühəndis sistemdəki boşluq ucbatından minlərlə insanın evini canlı izləmək imkanı qazanıb.
Milli.Az xəbər verir ki, proqram mühəndisi Semmi Azdufal yeni aldığı robot süpürgəni oyun pultu (joystick) ilə idarə etmək üçün xüsusi proqram hazırlayarkən şirkətin serverlərində ciddi bir "icazə boşluğu" olduğunu müəyyən edib.
Mühəndis aşkar edib ki, onun öz cihazı üçün aldığı rəqəmsal giriş açarı digər 7 min istifadəçinin də məlumatlarına yol açır. O, 24 fərqli ölkədən olan insanların evlərindəki süpürgələrin kameralarına və mikrofonlarına qoşula bilib.
Sızan məlumatlar arasında real vaxtlı video və səs yazıları, evlərin daxili xəritələri (qat planları), cihazların seriya nömrələri və istifadəçilərin IP ünvanları vasitəsilə təxmini yer koordinatları olub.
DJI şirkəti hadisəni təsdiqləyərək serverlərdəki doğrulama probleminin artıq həll edildiyini bildirib. Fevralın əvvəlində edilən iki avtomatik yeniləmə ilə bu boşluq həll olunub və istifadəçilərin əlavə bir iş görməsinə ehtiyac qalmayıb.
Lalə Qüdrətova
Milli.Az