Şəmkirdə ağır qəza: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

24 Fevral 2026 21:22

24.02.2026-cı il tarixində saat 17:10 radələrində Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2-i kişi, 3-ü qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərilib, zəruri instrumental və laborator müayinələr aparılıb. Hazırda müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1953-cü il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb.

Digər pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

----------

Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

Milli.Az-ın məlumatına görə, rayonun Qasımalılar kəndində "VAZ-2106" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.

Daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az