"Mən "Qarabağ"a inanıram, Nəriman Axundzadəni harda görsəm, öpərdim".
Milli.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Abbas deyib.
Millət vəkili Azərbaycan çempionunun bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a (İngiltərə) qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb.
"Bu dəfə yaxşı oynayacaqlar, çünki keçən oyundan mütləq dərs çıxarıblar. Mən özüm də pis yazıdan sonra həmişə daha yaxşısını yazmağa çalışıram. Artıq 50 ildir ki, "Qarabağ" sevgisi ilə yaşayıram və komandanın əleyhinə heç vaxt danışmaram. Uduzanda da deyirəm: futboldur da - komanda udar da, uduzar da.
Ruslarda bir misal var: deyirlər, hamı üç sahəni bildiyini iddia edir - futbolu, polis işini və kinonu. Kimdən soruşsan, deyər ki, filmi belə çəkərdim, futbolu belə oynadardım. Əslində, çoxu heç nə də bilmir.
İndi də hamı bildiyini də danışır, bilmədiyini də. Deyirlər, niyə altı top buraxdılar? Axı futboldur - alınanda alınır, alınmayanda alınmır. Komanda uduzanda ondan küsmək olmaz " , - deyə o, offsideplus.az-a açıqlamasında söyləyib.
O, Nəriman Axundzadənin "Qarabağ"dan gedişinə təəssüfləndiyini də vurğulayıb:
"Nərimanı çox istəyirdim. Onu pisikdirdilər. Halbuki Nəriman yaxşı və istedadlı futbolçu idi. Təəssüf ki, getdi. Nərimanı harda görsəm, öpərdim. Addaini isə öpməzdim. Çünki topu ayağında çox saxlayır, heç kimə vermir, sonda da səhv edir. Hətta bir dəfə zarafatla yazmışdım ki, "Qarabağ" Addaini satışa çıxarıb, kim alsa, üstündə pul da verəcək".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:59-da İngiltərədə baş tutacaq. Bakıda keçirilən ilk görüşdə "Qarabağ" rəqibinə 1:6 hesabı ilə uduzub./İdman.Biz
Milli.Az