"Krokus Siti Holl"da baş vermiş terror aktı üzrə işdə dəymiş zərər 6 mlrd rubl həcmində qiymətləndirilib.
Milli.Az xəbər verir ki, bu barədə 24 fevral tarixində REN TV-yə zərərçəkənlərin vəkili Lyudmila Ayvar məlumat verib.
Bundan əvvəl dövlət ittihamçısı terror aktını törədən şəxslərin təqsirli bilinməsini və onlara ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edib. Təqsirləndirilən şəxslər - Dalerdjon Mirzoev, Shamsidin Fariduni və Muhammadsobir Fayzov - günahlarını tam etiraf ediblər. Rachabalizoda Murodali isə hadisədə iştirakını qismən qəbul edib. Onların barəsində həbs qətimkan tədbiri 7 aprel tarixinədək uzadılıb.
İstintaq əlavə olaraq iş üzrə daha 11 nəfərə ömürlük həbs cəzasının verilməsini istəyir. Həmin şəxslər üçün 1,2 mln rubldan 2,7 mln rubladək cərimələr də tələb olunub.
Təqsirləndirilən şəxslərdən biri üçün 22 il 10 ay müddətinə azadlıqdan məhrumetmə, daha 3 nəfər üçün isə hər birinə 19 il 11 ay həbs cəzası istənilib. Bundan başqa, bəzi fiqurantların sonradan əldə etdikləri Rusiya Federasiyası vətəndaşlığından məhrum edilməsi barədə vəsatət qaldırılıb.
Qeyd edək ki, "Krokus Siti Holl"da terror aktı 22 mart 2024-cü ildə Moskva vaxtı ilə 20:00-da baş verib. Hücum kütləvi atışma və partlayışlarla müşayiət olunub. Hücum edənlər konsert salonunda dinc insanlara atəş açıb, zalı yandırıb, sonra isə binanı tərk edərək avtomobillə qaçıblar.
Hücumu dörd silahlı şəxs həyata keçirib, onların hamısı Rusiya hüquq-mühafizə orqanları tərəfindən tutulub və istintaqa cəlb olunub.
Moskva məhkəməsi "Krokus Siti Holl"da törədilən terror aktı ilə bağlı 18 nəfərin həbsi barədə qərar verib. "Krokus"a hücumdan sonra terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, habelə silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Ayxan
Milli.Az