Müşfiq Abbasov bu sözlərinə görə HƏBS EDİLİB - "Hansısa nazir 3-5 qızı..."

24 Fevral 2026 11:34

Xəbər verdiyimiz kimi, tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov inzibati qaydada 15 sutka həbs cəzası alıb. Baş Prokurorluğun yaydığı məlumata görə, M.Abbasov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) suçlu bilinib və barəsində Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, peşəkar hüquqşünas olan və öz maarifçi çıxışları ilə çoxlarının hörmətini qazanan Müşfiq Abbasovun həbs səbəbi hazırda ən çox müzakirə olunan məsələlərdəndir və hər kəs onun hansı yanlışa yol verdiyini aydınlaşdırmağa çalışır. Bu baxımdan onun statusları da incələnir.

Ölkədən kənarda olan və hər addımda "siyasi motiv" axtarmağa çalışan bəzi şəxslərin idarə etdiyi səhifələr bu məqamdan sui-istifadə edərək, M.Abbasovun guya 16 fevral tarixində yazdığı "Dünyada müstəqil media yoxdur. Amma bizdə var)" statusunun onun həbsinə səbəb olmasını əminliklə irəli sürüblər. Guya bu sözlərlə M.Abbasov "siyasi səhvə" yol verib. Halbuki hüquqşünasın bu statusunda özünü "tam müstəqil" elan edənlərə zarafatyana bir eyham var. Bu statusu onun həbsinin səbəbi kimi göstərmək məntiqsizdir. Həm də ona görə ki, bu halda sözügedən status onun səhifəsindən silinərdi.

Adının açıqlanmasını istəməyən iki vəkil isə öz versiyalarını saytımızla bölüşüb. Onların fikrincə, bir neçə gün öncə Musavat TV-yə müsahibəsi zamanı Müşfiq Abbasovun bəzi ittihamlarla çıxış etməsi onun inzibati qaydada cəza almasının əsas səbəbi ola bilər.

Belə ki, "Epşteyn işi" ilə bağlı sualı cavablandıran sabiq müstəntiq deyir: "Guya bizim varlıların malikanəsində, bağ evlərində belə əxlaqsız cinayətlər yoxdur? Mən sizə əminliklə deyirəm ki, var".

M.Abbasov bu cinayətlərin cəzasız qalmasının səbəbini də izah edir, bildirir ki, cinayətin üzə çıxması üçün rəsmi şikayət olunmalıdır: "Tutaq ki, hansısa nazir 3-5 qızı bağına aparıb, başına oyun açırsa, onları pul ilə susdurursa və həmin adamlar da şikayət etmirsə, axı bu məsələ cəmiyyətə aşkar ola bilməz".

"Burada xüsusilə "mən əminliklə deyirəm ki, var" ifadəsi ciddi ittihamdır və peşəkar hüquqşünas bu ittihamı irəli sürəndə ehtiyatlı olmağa məcburdur", - vəkil qeyd edib.

Digər tərəfdən, Azərbaycana İrandan narkotikin daxil olduğu haqda danışan M.Abbasov narkotikin Azərbaycanda dövriyyəsində xüsusilə böyük vəzifəli şəxs və ya şəxslərin "maraqlı olması" iddiasını da səsləndirir:

"İranda yaşayan adam Azərbaycanda yaşayana narkotiki çatdırır. Birinci bunun qarşısını almaq lazımdır. Hazırda ölkənin quru sərhədləri bağlıdır. Deməli, burada hansısa çox böyük vəzifəli şəxslərin haradasa maraqları var.

Bu yaxınlarda bir liman aşkar olundu. Əgər buradan qanunsuz siqaret gəlibsə, qanunsuz narkotik də gələ bilər. Bu mümkündür və danılmaz faktdır. Bax, bunun qarşısını almaq lazımdır. Gömrükdən, sərhəd xidmətinin nəzarətindən kənar kimlərsə bu işi görürsə, onlar həbs olunmalıdır. Təsəvvür edin ki, o insanlar tonlarla narkotik gətirib, insanlara paylayır".

Vəkillərin sözlərinə görə, peşəkar hüquqşünas heç bir halda bu cür ittihamları əlində əsaslı sübutlar və faktlar olmadan səsləndirməməlidir.

Redaksiyadan qeyd: M.Abbasov "informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi"ndə ittiham olunub. Bu qanun isə daha çox informasiya resursuna sahib şəxslərə aiddir və daha fərqli istiqaməti özündə ehtiva edir.

Həmçinin qanunda informasiya resursu sahibinə yanlışı aradan qaldırmaq üçün 8 saat müddətin verilməsi də əksini tapıb.

Bu baxımdan M.Abbasovun sosial şəbəkə hesablarında canlı olaraq yayılan və tamaşaçılarla ünsiyyəti ehtiva edən çıxışları da əhatə edə bilər.

Milli.Az