UEFA-nın İntizam Komitəsi Portuqaliyanın "Benfika" klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestianniyə sanksiya tətbiq edib.
Milli.Az xəbər verir ki, Qurumun qərarına əsasən, futbolçu Çempionlar Liqasının pley-off mərhələsində "Real"a qarşı keçiriləcək cavab görüşündə iştirak edə bilməyəcək.
Avropa futbol qurumu bildirib ki, yarımmüdafiəçi ayrı-seçkiliklə bağlı intizam qaydalarını pozduğuna görə bir oyunluq diskvalifikasiya olunub. Bununla yanaşı, aparılan araşdırmanın davam etdiyi və yekun qərarın bu cəzadan asılı olmayacağı vurğulanıb.
Xatırladaq ki, Portuqaliyada baş tutan ilk qarşılaşmada Madrid təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0. Oyunda yeganə qolu vuran Vinisiusun matç zamanı irqçi ifadələrə məruz qaldığı iddia edilib. İspaniya mətbuatında yayılan xəbərlərdə həmin təhqirin Prestianni tərəfindən səsləndirildiyi qeyd olunub.
Tərəflər arasında cavab qarşılaşması fevralın 25-də Madriddə keçiriləcək.
Hüseyn
Milli.Az