"El Mencho"nun sonu: Meksika kartel liderini sevgilisinin izi ilə tapdı

23 Fevral 2026 22:13

Meksika Müdafiə naziri Rikardo Trevilla Trejo "Jalisco Yeni Nəsil Karteli"nin (CJNG) rəhbəri, "El Mencho" ləqəbli Nemesio Osegueranın öldürülməsi ilə nəticələnən əməliyyatın detallarını açıqlayıb. Dünyanın ən təhlükəli cinayətkarlarından biri hesab olunan kartel rəhbərinin gizləndiyi yer sevgilisinin addım-addım izlənməsi nəticəsində müəyyən edilib.

Milli.Az xəbər verir ki, kəşfiyyat orqanları El Menchonun sevgilisini Jalisco əyalətinin Tapalpa şəhərindəki bir mülkə qədər təqib edib. 21 fevralda qadın mülkü tərk etdikdən sonra kartel liderinin orada tək qaldığı dəqiqləşib və hücum əmri verilib.

Nazir Trejo qeyd edib ki, əməliyyatda ABŞ-nin kəşfiyyat agentliklərinin (DEA və s.) böyük dəstəyi olub. Məhz ABŞ-nin texnoloji imkanları sayəsində kartelin daxili məlumat şəbəkəsi çökdürülüb.

Basqın zamanı El Mencho ilə yanaşı 8 kartel üzvü zərərsizləşdirilib. Hadisə yerindən raketatanlar və çoxlu sayda sursat ələ keçirilib.

Liderlərinin öldürülməsindən sonra CJNG üzvləri bir çox şəhərdə nəqliyyat vasitələrini yandırıb və Qvadalaxara Beynəlxalq Hava Limanına hücum edib. Çıxan iğtişaşlar nəticəsində 28 nəfər həyatını itirib (bunlardan 25-i milli qvardiya əsgəridir), 30 cinayətkar zərərsizləşdirilib.

Meksika Prezidenti Klaudia Şeynbaum xalqa sakitlik çağırışı edərək, təhlükəsizliyin tam bərpa olunacağına söz verib.

Lalə Qüdrətova
Milli.Az