Ağbənd–Kəlalə körpüsü Şərqi Zəngəzuru Naxçıvanla ən qısa marşrutla birləşdirəcək - Şahin Mustafayev

23 Fevral 2026 20:00

Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında deyib.

O bildirib ki, sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.

Eyni zamanda, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, regionun logistik imkanlarının və tranzit potensialının genişlənməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementi hesab edilən Rəşt-Astara dəmir yolu xəttinin tikintisi geniş müzakirə olunub. Bildirilib ki, bu xəttin istifadəyə verilməsi Şimal-Cənub istiqamətində daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq və çatdırılma müddətini qısaldacaq.

Milli.Az