4 mart 2026-cı il tarixində "Nadir Events"in təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsinə həsr olunmuş "Nadir yaradıcılıq gecəsi" keçiriləcək.
Tədbirin əsas məqsədi Hacıbaba Hüseynovun zəngin yaradıcılıq irsini yad etmək, onun Azərbaycan muğam sənətinə verdiyi töhfələri bir daha diqqətə çatdırmaq və milli musiqi dəyərlərimizin təbliğini həyata keçirməkdir.
Yaradıcılıq gecəsində tanınmış xanəndə və musiqiçilər - Əməkdar incəsənət xadimi Aqil Məlikov, Xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, Əməkdar artistlər Zakir Əliyev, Nuriyyə Hüseynova, həmçinin xanəndələr Rövşən Bəşirov, Hüseyn Məlikov, Məmməd Nəcəfov, Vəfa Vəzirova, Elgiz Əliyev və Mütəllim Dəmirov çıxış edəcəklər.
Solistləri Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovun rəhbərliyi ilə Xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Konsert proqramında təsniflər, muğam və xalq musiqisi nümunələri səsləndiriləcək, ustad sənətkarın sənət yolu və yaradıcılığı musiqi dili ilə təqdim olunacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az