"Aralıqlı oruc" deyildiyi qədər effektivdir?

24 Fevral 2026 03:03

Argentinada aparılan yeni araşdırma göstərir ki, aralıqlı oruc arıqlamaq baxımından ənənəvi pəhrizlərdən üstün deyil.

Dünya üzrə 22 klinik tədqiqatın nəticələrini təhlil edən alimlər artıq çəkili və ya piylənmədən əziyyət çəkən insanların klassik pəhriz tövsiyələrinə əməl etdikdə aralıqlı oruc saxlayanlarla eyni səviyyədə çəki itirdiyini müəyyən ediblər. Araşdırmada xüsusilə britaniyalı həkim Michael Mosley tərəfindən populyarlaşdırılan 5/2 modeli də nəzərdən keçirilib.

Nəticələrə görə, aralıqlı oruc tətbiq edənlər orta hesabla bədən çəkilərinin təxminən 3 faizini itiriblər. Halbuki həkimlər klinik baxımdan əhəmiyyətli nəticə üçün ən azı 5 faiz çəki azalmasını vacib sayırlar. 

"The Guardian" nəşrinin yazdığına görə, tədqiqatın aparıcı müəllifi doktor Luis Qareqnani bildirib ki, aralıqlı oruc "möcüzəvi gücə malik deyil, lakin çəki idarəçiliyi üçün seçimlərdən biri ola bilər". Onun sözlərinə görə, bu üsul ənənəvi pəhrizlərdən nə daha effektiv, nə də daha zəifdir.

Milli.Az