Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası “Padel hər kəs üçündür” inklüziv idman tədbirində iştirak edib - FOTO

23 Fevral 2026 13:33

"Padel hər kəs üçündür" adlı inklüziv idman tədbiri Padel Center Baku və "Birlik" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə "Birlik" İctimai Birliyinin sədri Cəlil Xudiyev iştirak edərək inklüziv təşəbbüslərin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb.

Tədbir autizm spektr pozuntusu olan uşaqlara, eləcə də uşaq evlərində böyüyən uşaqlara həsr olunub. Layihənin əsas məqsədi hər bir uşağın özünü komandanın bir hissəsi kimi hiss edə biləcəyi, aktivlik göstərə və idmandan sevinc ala biləcəyi açıq və dəstəkləyici mühit yaratmaq olub.

Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası da fəal iştirak edib. Federasiyanı Prezident Asif Əliyev və Baş katib Asim Xudiyev təmsil ediblər. Tədbir çərçivəsində federasiya nümayəndələri təşkilatçıların təşəbbüsünü dəstəkləyib, uşaqlarla ünsiyyət qurub və iştirakçılara xatirə hədiyyələri təqdim ediblər.

Tədbir zamanı çıxış edən Prezident Asif Əliyev uşaqları salamlayaraq belə tədbirlərin ölkədə idmanın inkişafına mühüm töhfə verdiyini bildirib. Asif Əliyev vurğulayıb ki, idman yalnız futbolun deyil, ümumilikdə sağlam və güclü gənc nəslin formalaşmasında vacib rol oynayır. O qeyd edib ki, uşaqların idmana cəlb olunması onların fiziki və psixoloji inkişafına müsbət təsir göstərir və gələcəkdə sağlam cəmiyyətin formalaşmasına xidmət edir.

Qeyd olunub ki, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası üçün uşaqlar arasında idmanın inkişafı yalnız gələcək idmançıların hazırlanması deyil, eyni zamanda mühüm sosial missiyadır. Federasiya ardıcıl şəkildə uşaqların aktiv idman mühitinə cəlb olunmasına və inklüzivliyin genişləndirilməsinə yönəlmiş təşəbbüsləri həyata keçirir.

Bu cür layihələr sosial inteqrasiyanın güclənməsinə töhfə verir və bir daha sübut edir ki, idman hər bir uşaq üçün əlçatan olmalıdır.

Milli.Az