Ağdərə rayonuna daha 293 nəfər qayıtdı - YENİLƏNİB - FOTO

23 Fevral 2026 15:20

Fevralın 23-də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində növbəti köç mərhələsi reallaşıb.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb.

Bu mərhələdə Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə),Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb. Köç Prosesi planlı şəkildə davam etdirilir və sakinlərin dayanıqlı məskunlaşması üçün zəruri infrastruktur təmin olunur.

Ağdərədə mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, rayon ərazisində genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Fərdi yaşayış evləri əsaslı şəkildə bərpa olunur, yeni sosial obyektlər inşa edilir, təhsil və səhiyyə müəssisələri yenidən qurulur, kəndlərdə müasir kommunal infrastruktur yaradılır.

S. Qəhrəmanov onu da vurğulayıb ki, sosial infrastrukturun tam yenilənməsi sakinlərin rahat, təhlükəsiz və layiqli yaşayışının təmin olunmasına xidmət edir. Eyni zamanda, doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluq məsələləri də daim diqqət mərkəzində saxlanılır, ehtiyacı olan ailələrin dövlət və özəl sektor üzrə işlə təminatı istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində rayonun sosial-iqtisadi dirçəlişi istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.

Milli.Az

_____________________

Saat - 11:55

Ağdərə rayonunun yenidən bərpa olunan 4 yaşayış məntəqəsinə növbəti köç karvanları yola salınıb.

Milli.Az xəbər verir ki, növbəti köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinin keçmiş məcburi köçkün sakinləridir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış dövlət proqramı çərçivəsində Ağdərə rayonunun qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 10 ailə, 46 nəfər, Aşağı Oratağ kəndinə 29 ailə, 141 nəfər, Heyvalı kəndinə 17 ailə, 84 nəfər və Çapar kəndinə isə 7 ailə, 22 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Milli.Az