Uçuşlar təcili dayandırıldı, 500-ə yaxın sərnişin təyyarədə qaldı

23 Fevral 2026 10:55

Almaniyanın Münhen şəhərində güclü qar uçuşları dayandırıb. Əlverişsiz hava şəraiti və Münhen hava limanında logistika pozuntuları səbəbindən 500 sərnişin gecəni Lufthansa reyslərində qalaraq keçirib.

Milli.Az xəbər verir ki, Almaniyanın DPA xəbər agentliyinin məlumatına görə, Almaniyanın Münhen hava limanında güclü qar aviasiya böhranına çevrilib. 19 fevral axşamı planlaşdırılan uçuşlarına minmə prosedurlarını tamamlayan sərnişinlər qar yağışı hava səyahətini iflic etdiyindən uçuş-enmə zolağında qalıblar.

Uçuş hazırlıqlarını tamamlamış, lakin əlverişsiz hava şəraiti səbəbindən havaya qalxa bilməyən təyyarələr terminalın dayanacaq yerlərinin dolu olması və transfer avtobuslarının sayının az olması səbəbindən perrondan geri qayıda bilməyiblər.

Münhen Hava Limanını idarə edən şirkət terminalla birbaşa əlaqəli dayanacaq yerlərinin tamamilə dolu olduğunu və avtobusların perronda nəqliyyat təmin etmək üçün tutumunun yetərli olmadığını, nəticədə sərnişinləri və heyəti səhərə qədər təxliyə edə bilmədiyini açıqlayıb. Hava limanı rəhbərliyi logistika böhranı ilə bağlı dərin təəssüfünü bildirib.

Gün ərzində 100 uçuşun ləğv edildiyi hava limanındakı tıxacın aradan qaldırılması üçün adi gecə uçuşlarına qoyulan qadağa yumşaldılıb. Bəzi uçuşlara saat 01:00-dan sonra yola düşmək üçün xüsusi icazə verilsə də, uçuş-enmə zolağında qar yığılması səbəbindən bu təyyarələrin uçuşuna icazə verilməyib.

Milli.Az