Pezeşkian meydan oxudu: "Boyun əyməyəcəyik"

21 Fevral 2026 23:21

ABŞ-nin hücum təhdidləri ilə üz-üzə qalan İranın Prezidenti Məsud Pezeşkian xarici güclərin ölkəni təslim etməyə çalışdığını bildirərək, təzyiqlərə qarşı dirəniş göstərəcəklərini bəyan edib. O, "Dünya zorakılıqla bizi özünə tabe etməyə çalışır, lakin biz bu problemlərə boyun əyməyəcəyik" deyib.

Milli.Az xəbər verir ki, Tehranda Paralimpiya Oyunlarında medal qazanan idmançılarla görüşən Pezeşkian xarici güclərin İrana qarşı qorxaqca və zorakı metodlardan istifadə etdiyini vurğulayıb.

Prezident ölkənin üzləşdiyi çətinlikləri aşmaq üçün cəmiyyətdə həmrəyliyin vacibliyini qeyd edib: "Biz bir millətik və tək vücud olaraq bir araya gəlməli, fərqliliklərimizi kənara qoyub yaranan yaraları sağaltmalıyıq."

Pezeşkian mövcud çatışmazlıqların fərqində olduqlarını və bu problemlərin öhdəsindən gəlmək üçün əllərindən gələni edəcəklərini vəd edib.

Lalə Qüdrətova
Milli.Az