Bülbül yuvası: Şərbətli şirniyyatların ən zərif forması

22 Fevral 2026 07:07

Həm görüntüsü, həm də dadı ilə süfrələrin bəzəyi olan bülbül yuvası xüsusilə bayramlarda və xüsusi günlərdə ən çox axtarılan desertlərdən biridir.

Milli.Az addım-addım hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:
Xəmiri üçün:

2 ədəd yumurta

1 stəkan qatıq

1 stəkan maye yağ

1 xörək qaşığı sirkə

Bir çimdik duz

5 - 5,5 stəkan un

Yarım paket qabartma tozu

Açmaq üçün:

Qarğıdalı və ya buğda nişastası

Üstü üçün:

250 qram kərə yağı (əridilmiş)

Antep fıstığı və ya qoz ləpəsi

Şərbəti üçün:

4 stəkan şəkər tozu

4 stəkan su

1 xörək qaşığı limon suyu

Hazırlanma qaydası:
İlk olaraq su və şəkəri qaynadın. Qaynamağa başladıqdan 15 dəqiqə sonra limon suyunu əlavə edib 5 dəqiqə də qaynadın və soyumağa qoyun (Şərbət soyuq, şirniyyat isti olmalıdır).

Un və qabartma tozu xaric, bütün ərzaqları bir qabda qarışdırın. Unu az-az əlavə edərək qulaq məməsindən bir az daha bərk bir xəmir yoğurun. Xəmiri 12 bərabər hissəyə (kündəyə) bölün və üzərini örtərək 30 dəqiqə dincəldin.

Hər kündəni nişasta köməyi ilə nazik (yuxa kimi) açın.

Açdığınız yuxanı dörd yerə bölün. Hər parçanı nazik oxlovun üzərinə dolayın, lakin axıra qədər bükməyin (3-4 sm boş yer saxlayın). Oxlovun üzərindəki xəmiri hər iki tərəfdən ortaya doğru büzün və oxlovu çıxarın. Büzülmüş xəmiri dairə formasına salıb uclarını birləşdirin. Boş qalan hissə yuvanın dibini təşkil edəcək.

Hazırladığınız "yuvaları" yağlanmış soba qabına düzün. Üstünə əridilmiş kərə yağını bərabər şəkildə gəzdirin. 180 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin.

Sobadan çıxan isti şirniyyatın üzərinə soyuq şərbəti tökün. Şərbəti tam çəkdikdən sonra ortadakı boşluqlara fıstıq və ya qoz yerləşdirin.

Lalə Qüdrətova
Milli.Az