Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Karvan-Yevlax" - "Araz-Naxçıvan" qarşılaşması Azərbaycan futbol tarixində nadir rast gəlinən qalmaqalla yadda qalıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yevlax təmsilçisi doğma meydanda rəqibinə 0:2 hesabı ilə məğlub olduğu matçın son dəqiqələrində gözlənilməz hadisə baş verib.
Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində "Karvan-Yevlax"ın legioneri Samuel Durrant heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan, zədələndiyini iddia edərək, özbaşına meydanı tərk edib soyunub-geyinmə otağına yollanıb. Bundan sonra isə Füzuli Məmmədovun komandası matçın qalan hissəsini 10 nəfərlə davam etdirməyə məcbur olub.
Xatırladaq ki, Yevlax təmsilçisi bu məğlubiyyətdən sonra turnir cədvəlində 6 xalla sonuncu - 12-ci yerdə qərarlaşıb. "Araz-Naxçıvan" isə 33 xalla 5-ci yerdədir.
Milli.Az