Paytaxtın Bakı şəhərinin Yasamal rayonunda kirayə verilmiş mənzilin acınacaqlı vəziyyəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, iddiaya görə, mənzildə qalan tələbələr evi tamamilə baxımsız vəziyyətə salıblar.
Görüntülər evə çağırılmış təmizlik şirkətinin əməkdaşı tərəfindən lentə alınıb. Kadrlarda otaqların müxtəlif tullantılar, boş qida qabları, plastik butulkalar və məişət zibilləri ilə dolu olduğu görünür. Mətbəxdə yuyulmamış qab-qacaq qalaqlanıb, döşəmədə isə zibil torbaları və qalıqlar diqqət çəkir.
Sosial şəbəkə istifadəçiləri görüntülərə sərt reaksiya veriblər. Bəzi şəxslər kirayəçilərin məsuliyyətsiz davrandığını bildirərək, ev sahibinə dəymiş maddi ziyanın ciddi ola biləcəyini vurğulayıblar. Digərləri isə tələbələrin ümumiləşdirilməsinin doğru olmadığını, fərdi məsuliyyət məsələsinin önə çəkilməli olduğunu qeyd ediblər.
Təmizlik işçilərinin sözlərinə görə, mənzilin əvvəlki vəziyyətinə qaytarılması üçün genişmiqyaslı dezinfeksiya və dərin təmizlik işləri aparılmalı olub.
Hadisə bir daha kirayə münasibətlərində müqavilənin, depozitin və nəzarətin vacibliyini gündəmə gətirib. Ekspertlər bildirirlər ki, ev sahibləri kirayə müqavilələrində mənzilin qorunması ilə bağlı konkret şərtlər və cərimə mexanizmləri nəzərdə tutmalıdırlar.
Musa
Milli.Az