“Lion Centre” direktorundan İDDİA: Hakim sübutları niyə nəzərə almadı?

21 Fevral 2026 16:00

"Lion Centre" MMC-nin direktoru Ramil Aslanov məhkəmələrdə üzləşdiyi qanunsuzluqdan, hər hansı bir araşdırma aparılmadan çıxarılan qərarlardan narazıdır.

Ramil Aslanov iddia edir ki, ona qarşı Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən qaldırılmış iddia üzrə keçirilən məhkəmə proseslərində ciddi hüquqi və prosessual pozuntulara yol verilib.

Milli.Az xəbər verir ki, Musavat.com-a müraciət edən Ramil Aslanovun sözlərinə görə, 2025-ci ildə Bakı şəhər Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın icraatında baxılan "işgüzar nüfuzun müdafiəsi və məlumatların təkzib edilməsi" işində müdafiə tərəfinin təqdim etdiyi sübutlar, vəsatətlər və ekspertiza tələbləri araşdırılmadan rədd edilib.

Ramil Aslanovun sözlərinə əsasən, proses birtərəfli aparılıb:

"Ölkə hüdudlarından kənarda olmağım barədə rəsmi məlumat təqdim etməyimizə baxmayaraq, bu hal məhkəmə tərəfindən nəzərə alınmadı və qərar Dövlət Gömrük Komitəsinin xeyrinə çıxarıldı".

İddialar bununla da bitmir. Ramil Aslanov bildirir ki, 13 fevral 2026-cı ildə Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Cəfərovun sədrliyi ilə keçirilən ilk iclasda iş faktiki araşdırılmadan qərar qəbul edilib.

Ramil Aslanov deyir ki, iclasın ilk dəqiqələrindən etibarən sübutların tədqiqi aparılmayıb, tərəflərin bərabərliyi prinsipi təmin olunmayıb və cavabdehin iştirakı olmadan qərar verilib:

"Bu tez-tələsik verilən qərar sanki mənə baxın deyə qışqırır".

Onun sözlərinə görə, məhkəmə yalnız iddiaçı tərəfin nümayəndəsi Vilayət Mehrəliyevin mövqeyini əsas götürüb.

WhatsApp Image 2026-02-21 at 14.52.17.jpeg (58 KB)

Ramil Aslanov iddia edir ki, həmin nümayəndə əvvəllər televiziya kanallarında "Lion Centre" MMC barədə həqiqətə uyğun olmayan məlumatlar səsləndirib və bu faktların gömrük əməliyyatlarının tarixçəsi ilə təkzib olunduğunu bildirir.

Əgər iddia olunanlar doğrudursa, ortaya çox ciddi suallar çıxır: Niyə müdafiə tərəfinin sübutları araşdırılmayıb? Niyə sahibkarın iştirakı təmin olunmayıb? Niyə apellyasiya instansiyasında işin mahiyyəti üzrə faktiki araşdırma aparılmadan qərar verilib?

Hüquqi dövlət prinsipləri və presedent təhlükəsi

Ramil Aslanov baş verənləri təkcə konkret məhkəmə çərçivəsində qiymətləndirmir. O hesab edir ki, bu proseslər DGK tərəfindən ona qarşı sistemli xarakter daşıyan təzyiq mexanizmlərinin davamıdır və sahibkarlıq fəaliyyətinə müdaxilə, işgüzar nüfuzun zədələnməsi ilə nəticələnib.

Qeyd edək ki, bir müddət əvvəl DGK iş adamını məhkəməyə vermiş və sahibkar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələnmişdi.

Ramil Aslanov artıq ölkə rəhbərliyinə, Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına müraciət edəcəyini açıqlayıb.

Bu iş bir daha sual doğurur: Azərbaycanda sahibkar dövlət qurumu ilə üz-üzə qalanda məhkəmə zalında həqiqətən bərabər tərəf kimi çıxış edə bilirmi?

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin də mövqeyini dərc etməyə hazırıq.

Milli.Az

WhatsApp Image 2026-02-21 at 14.52.17.jpeg (58 KB)