Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının ilk iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyevə qarşı radikal qrup tərəfindən təxribat cəhdinin edilməsi təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Bu cür aksiyalar adətən spontan etiraz görüntüsü altında təqdim olunsa da, onların arxasında daha geniş siyasi motivlərin və koordinasiyanın dayanması ehtimalı yüksəkdir. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, hadisədən dərhal sonra ABŞ-dakı erməni lobbi təşkilatlarından olan ANCA və ABŞ Konqresinin üzvü Frank Pallone tərəfindən anti-Azərbaycan ritorikasının gücləndirilməsi bu prosesin siyasi kontekstdə qiymətləndirilməsini zəruri edir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, son illərdə Cənubi Qafqazda formalaşan yeni reallıq, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və regionda təşəbbüsü öz əlində cəmləməsi bir sıra xarici güc mərkəzlərinin ənənəvi təsir alətlərini zəiflədib:
"Müharibədən sonrakı mərhələdə Azərbaycanın daha müstəqil və suveren siyasət yürütməsi, enerji, təhlükəsizlik və nəqliyyat sahələrində strateji aktora çevrilməsi bu ölkənin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.
Məhz bu fonda Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan müsbət dinamika xüsusi diqqət çəkir. Vaşinqtonun təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın dövlət başçısının iştirakı, ümumilikdə, iki ölkə arasında dialoqun davam etdiyini və əməkdaşlıq üçün platformaların qorunduğunu göstərir. ABŞ üçün Azərbaycanın enerji təhlükəsizliyində, regional sabitlikdə və alternativ nəqliyyat marşrutlarında rolu strateji əhəmiyyət kəsb edir. Bu reallıq isə Azərbaycanla ABŞ arasında münasibətlərin müəyyən dairələrin istədiyinin əksinə olaraq tamamilə pozulmadığını, əksinə, yeni mərhələyə keçdiyini göstərir.
Deputat S.Mikayılova xüsusi vurğulayıb ki, belə bir şəraitdə Vaşinqtonda baş verən təxribat cəhdi bir neçə məqsədə xidmət edə bilər:
"Birincisi, Azərbaycanın siyasi rəhbərliyinin beynəlxalq platformalardakı fəaliyyətinə kölgə salmaq və onun legitimliyini şübhə altına almaq cəhdidir. Dövlət başçısına qarşı şəxsi müstəvidə hücumların təşkili əslində dövlətin özünün siyasi kursuna qarşı yönəlmiş təzyiq alətidir.
İkincisi, bu cür aksiyalar Azərbaycan-ABŞ münasibətlərində formalaşan müsbət dinamikanı zədələməyə hesablanmış informasiya və psixoloji təsir vasitəsi kimi çıxış edir. Çünki iki ölkə arasında əməkdaşlığın dərinləşməsi regionda təsir imkanlarını itirən və ya itirməkdən ehtiyat edən dairələr üçün arzuolunan deyil.
Üçüncüsü, bu cəhdlər Azərbaycanı beynəlxalq müstəvidə təcrid olunmuş və mübahisəli aktor kimi təqdim etməyə yönəlmiş uzunmüddətli kampaniyanın elementləri kimi də qiymətləndirilə bilər.
Hadisə zamanı ABŞ təhlükəsizlik orqanlarının vəziyyəti nəzarətdə saxlaması və tədbirin planlaşdırıldığı kimi davam etməsi onu göstərir ki, rəsmi Vaşinqton bu cür radikal qrupların fəaliyyətinin dövlətlərarası münasibətlərə təsir etməsinə imkan vermək niyyətində deyil. Bu, ABŞ-nin institusional səviyyədə Azərbaycanla dialoqu davam etdirməkdə maraqlı olduğunu göstərən mühüm göstəricidir.
Bu baxımdan, ayrı-ayrı konqresmenlərin və lobbi təşkilatlarının bəyanatları ABŞ dövlətinin rəsmi mövqeyini tam əks etdirmir, daha çox müəyyən siyasi və etnik lobbi maraqlarının ifadəsi kimi qiymətləndirilir".
S.Mikayılova əlavə edib ki, Azərbaycanın son illərdə regional və qlobal siyasətdə artan rolu, xüsusilə enerji və nəqliyyat layihələrində açar mövqeyə malik olması bəzi dairələrdə açıq və ya gizli narahatlıq doğurur. Enerji resurslarına nəzarət, nəqliyyat marşrutlarının formalaşdırılması və təhlükəsizlik arxitekturasında iştirak kimi amillər Azərbaycanın strateji əhəmiyyətini artırır.
"Bu isə təbii olaraq, Azərbaycanı zəiflətmək, onun beynəlxalq imicinə zərbə vurmaq və müttəfiqləri ilə münasibətlərini sarsıtmaq istəyən qüvvələrin fəallaşmasına səbəb olur.
Ümumilikdə, Vaşinqtonda baş verən hadisə daha çox siyasi və psixoloji təsir xarakteri daşıyan epizod kimi qiymətləndirilə bilər. Bu cür təxribatlar Azərbaycanın beynəlxalq mövqelərini və onun əsas tərəfdaşlarla, o cümlədən ABŞ ilə münasibətlərinin strateji mahiyyətini dəyişmək gücündə deyil.
Əksinə, bu hadisə bir daha göstərir ki, Azərbaycanın artan təsiri və müstəqil siyasəti müəyyən dairələr tərəfindən diqqətlə izlənilir və müxtəlif vasitələrlə bu prosesə təsir etməyə cəhd olunur. Lakin mövcud reallıq ondan ibarətdir ki, regionda formalaşan yeni güc balansında Azərbaycan artıq təsir obyekti deyil, təsir edən əsas aktorlardan birinə çevrilib", - deyə Sevil Mikayılova bildirib.
Milli.Az