Ailə faciəsi: "Bütün kənd camaatı şokdadır" - FOTO

21 Fevral 2026 00:06

Fevralın 16-da Rusiyada azərbaycanlı ailəsində faciə baş verib.

Milli.Az xəbər verir ki, əslən Ucar rayonundan olan 41 yaşlı Vasif Nağıyev və onun 38 yaşlı həyat yoldaşı Aygün Hüseynovanın cansız bədəni yaşadıqları binanın qarşısında aşkarlanıb. Hadisə yerinə dərhal Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, onların cəsədləri fevralın 19-da axşam saatlarında Azərbaycana gətirilib və Ucar rayonunun Rəstəcə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərhum Vasif Nağıyevin dostu Elşad Fətəliyev Baku TV-yə bildirib ki, hadisə yaxın çevrə üçün gözlənilməz olub:

"Vasif mənim sinif yoldaşım və ən yaxın dostum idi. Hamı şokdadır, bu hadisənin necə baş verdiyini anlamırıq. Bu günə qədər heç kim onda hər hansı problem hiss etməyib".

"Moskvada qonşuluqda binanın altında mağazaları var idi. Paltar satırdılar. Üç uşaqları var, nənəsinə veriblər. Nənədən yaxın kim olar? Böyük uşağın 13 yaşı var, balaca 6-cı sinfə keçib. Üçü də qız uşaqlarıdır. İkisi məktəbli, biri hələ yox", - mərhumun qohumu İlham Bayramov qeyd edib.

Qeyd edək ki, hadisə bir neçə gün öncə Novoya Moskva ərazisində yerləşən "Salaryeva Park" yaşayış kompleksində baş verib.

Bizneslə məşğul olan cütlük bir müddət əvvəl Xantı-Mansi Muxtar Dairəsindən Moskvaya gedib. 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir. Həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır.

Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V.Nağıyev 10 il əvvəl işləmək məqsədi ilə Rusiyaya gedib.

Milli.Az